Natəvan Növrəsli: “We Are The Future” layihəsi gənc istedadlara peşəkar səhnə təcrübəsi qazandırır
Bakı, 7 iyul, AZƏRTAC
“Shahin Novrasli Festival - 2026” çərçivəsində həyata keçirilən “We Are The Future” layihəsi istedadlı uşaqların böyük səhnədə orkestrin müşayiəti ilə çıxış etmələri, öz güclərinə inanmaları və peşəkar musiqi sənətinin ab-havasını hiss etmələri üçün yaradılıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar artisti, “Shahin Novrasli Festival”ın art-direktoru Natəvan Növrəsli deyib.
O bildirib ki, layihənin əsas ideyası yarış keçirmək deyil, uşaqlar üçün əsl musiqi bayramı təşkil etməkdir.
“Mən hər zaman müsabiqələrin əleyhinə olmuşam. Elə uşaqlar var yarış onları motivasiya edir, amma elə istedadlı uşaqlar da var ki, məğlubiyyət onları sındıra bilər. Buna görə də biz müsabiqə deyil, hər bir uşağın özünü xoşbəxt hiss edə biləcəyi, özünə inanacağı və orkestr ilə çıxış etməyin əvəzsiz təcrübəsini qazanacağı bir musiqi bayramı yaratmağa qərar verdik”, - deyə həmsöhbətimiz bildirib.
O vurğulayıb ki, layihə əsasən 7-8 yaşdan 14 yaşadək uşaqlar üçün nəzərdə tutulub və gənc musiqiçilərə peşəkar orkestr ilə, dirijorla işləyərək səhnə həyəcanını aradan qaldırmağa kömək edir.
Festivalın art-direktoru bildirib ki, layihədə hər il uşaqlarla işləmək üçün Türkiyədən xüsusi olaraq gələn dirijor Valid Ağayev iştirak edir.
“Uşaqlar orkestr ilə birlikdə ifa etdikdə əsl möcüzə yaranır. Bu, onlara öz imkanlarına inanmağa kömək edən və gələcək inkişaf üçün ilham verən unikal təcrübədir”, - deyə N.Növrəsli qeyd edib.
O, həmçinin vurğulayıb ki, festivalın beynəlxalq statusu gənc ifaçılara özlərini geniş auditoriyaya tanıtmaq imkanı yaradır. Belə ki, konsertlər televiziya vasitəsilə yayımlanır və festivalın rəsmi yutub kanalı üzərindən dünyanın müxtəlif ölkələrində izlənilir.
Qeyd edək ki, iyulun 2-dən 12-dək Bakıda keçirilən “Shahin Novrasli Festival – 2026” çərçivəsində festival yarmarkası, DJ setləri və cem sessiyaları (jam session) da təşkil olunur.