İyunun 28-29-da NATO-nun İstanbulda keçirilən zirvə görüşü Türkiyə mətbuatında geniş işıqlandırılmışdır. ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Almaniyanın federal kansleri Gerhard Şröder, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Böyük Britaniyanın baş naziri Toni Bleyer, Gürcüstan prezidenti Mixail Saakaşvilinin tədbir çərçivəsində görüşləri, onların çıxış və bəyanatları Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur. Bununla yanaşı, Türkiyənin xarici işlər naziri Abdullah Gül, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın üçtərəfli görüşü də yerli və xarici jurnalistlərdə böyük maraq doğurmuşdur. Görüşdə Abdullah Gül erməni həmkarına bildirmişdir ki, həm Türkiyə, həm də Azərbaycan Ermənistan tərəfindən müəyyən müsbət addımların atılmasını gözləyir. Bu barədə iyunun 26-da Türkiyənin nüfuzlu və yüksək tirajlı “Sabah”, “Radikal”, “Milliyyət” qəzetləri xəbər vermişdir. Qəzet məqalələrində, həmçinin Abdullah Gülə istinadla bildirilir ki, hazırda Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığı və Türkiyəyə qarşı “soyqırım” iddialarını davam etdirdiyi bir şəraitdə nə Türkiyə, nə də Azərbaycan tərəfindən heç bir kompromis gözləməməlidir və Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə söhbət gedə bilməz.
Qeyd etmək lazımdır ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iyunun 28-də NATO çərçivəsində keçirilən tədbirdə eyni mövqedə çıxış etmişdir.
Ermənistan tərəfindən fürsət düşdükcə irəli sürülən “soyqırım” iddiaları Türkiyənin Prezidenti Əhməd Necdət Sezər ilə Fransa Prezidenti Jak Şirak arasında keçirilən görüşdə də dilə gətirilmişdir. Türkiyə Prezidenti Fransa parlamentinin “soyqırım” barədə qərarı ilə əlaqədar türk ictimaiyyətinin narazılığını fransız həmkarına çatdırmış, Ermənistanın radikal mövqeyini tənqid etmişdir.