Naxçıvan Dövlət Universitetində insan alverinə qarşı mübarizəyə həsr edilən tədbir keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə universitetin Sosial iş və Psixologiya ixtisasının tələbələri və müəllimlər iştirak ediblər.
Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları insan alverinə şərait yaradan amillər, insan alveri qurbanlarının yaşadığı sosial-psixoloji çətinliklər və s. haqqında danışıblar. Eyni zamanda, insan alverinə qarşı mübarizə sahəsində mövcud hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonra əməkdaşlar tələbələrin suallarını cavablandırıblar.