Naxçıvan Dövlət Universitetinin tələbələri Ağbulaq Xizək Mərkəzində təlim keçiblər
Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə ali təhsil ocağının Bədən tərbiyəsi və idman və Məşqçilik ixtisasının tələbələri Ağbulaq Xizək Mərkəzində təlim keçiblər.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən universitetdə müxtəlif idman növləri üzrə keçirilən məşğələlərdən danışıb. Qeyd edib ki, muxtar respublikada yeni xizəkçilik idman növünə olan maraq nəzərə alınaraq ali təhsil ocağının Məşqçilik ixtisasının tələbələri üçün “Xizəkçilik” fənninin tədrisinə başlanılıb, bu istiqamətdə artıq tədris proqramları hazırlanıb. Muxtar respublikanın turizm potensialı və yaradılan şərait gələcəkdə bu idman növü üzrə peşəkar kadrların hazırlanmasına yol açır. Rektor keçirilən təlimin nəzəri biliklərin təcrübədə tətbiqi üçün əhəmiyyətli olduğunu bildirib, tələbələrə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə görülən işlərdən danışıb. Bildirib ki, Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbləri” də bu istiqamətdə görülən işlərə bariz nümunədir.
Sonra tələbələr Ağbulaq Xizək Mərkəzində təşkil edilən təlimdə iştirak ediblər və mərkəzin ixtisaslı müəllimlərdən dərs alıblar. Təlimlər maraqlı və yaddaqalan olub.