Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 201 medal qazanıblar


Naxçıvan, 11 fevral, AZƏRTAC
Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-si qızıl, 71-i gümüş, 58-i bürünc medal olmaqla, ümumilikdə, 201 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu sözləri muxtar respublika gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov qurumun kollegiya iclasında söyləyib.
Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər barədə də danışıb. Qeyd edib ki, Dövlət Proqramına uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda təlimlər keçirilib və bu prosesin təşkili növbəti ildə də davam etdiriləcək. Naxçıvan şəhərinin müxtəlif ərazilərində olmaqla, 8 yerdə açıq hava idman qurğularının əhalinin istifadəsinə verilməsi şəhər infrastrukturu, idman mühiti, əhalinin sağlam həyat tərzinə təşviqi, gənclərin fiziki hazırlığı baxımından dövlətin mühüm töhfəsi kimi dəyərləndirilib. Məcid Seyidov deyib ki, 2025-ci ildə də muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrdə olmaqla, 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması, o cümlədən özəl investisiya hesabına bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Tədbirdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon gənclər və idman idarələrinin rəisləri hesabat məruzəsi ilə çıxış ediblər.
Nazirliyin 2025-ci üçün iş planı diqqətə çatdırılıb və kollegiya üzvlərinin səs çoxluğu ilə qəbul edilərək təsdiq olunub.
Nazir müavini Məcid Seyidov cari ildə görüləcək işlərlə bağlı tələb və tapşırıqları diqqətə çatdırıb, kollektivə uğurlar arzulayıb. Qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda icrasına dair məsələlər diqqətdə saxlanılmalı, aid xidmət sahələrində vətəndaşların rahatlığı təmin edilməli, cəmiyyətin sağlam həyat tərzinə təşviqi işi bir qədər də gücləndirilməlidir. Gənclərin hərtərəfli inkişafına dəstək artırılmalı, gənclərin çoxluq təşkil etdiyi və ya təşkilatlandığı təsisatlarla əməkdaşlıq əlaqələri gücləndirilməli, vahid əlaqələndirmə və koordinasiyalı mexanizmə keçid olunmalıdır.