İQTİSADİYYAT
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA KƏHRİZ PROQRAMI HƏYATA KEÇİRİLİR
Beynəlxalq Miqrasiya Təşkilatı 1999-cu ildə Naxçıvan Muxtar Respublikası ərazisində ayrı-ayrı donor təşkilatların maliyyə dəstəyi ilə müxtəlif su layihələri, o cümlədən kəhrizlərin bərpasını həyata keçirir. 2007-ci ilin noyabr ayınadək muxtar respublikanın hökuməti ilə əməkdaşlıq çərçivəsində 29 kəhriz bərpa olunmuşdur. Növbəti mərhələdə bərpa olunacaq 30 kəhriz seçilmiş və artıq 13 kəhrizdə bərpa işlərinə başlanmışdır.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil olunmuş təlimlərdə 31 gənc kankan hazırlanmışdır. Kəhrizlərin bərpasını lazım olan beton məmulatları ilə təmin etmək məqsədi ilə Naxçıvan şəhərində və Kəngərli rayonunda 2 mini sexin yaradılması üçün hazırlıq işləri başa çatmaq üzrədir. Damcı üsulu ilə suvarma üzrə ilk 4 pilot layihənin həyata keçirilməsinə tezliklə başlanılacaqdır.
Qeyd olunan tədbirlərin həyata keçirilməsi məqsədi ilə layihənin iştirakçıları Naxçıvan Muxtar Respublikasına gəlmişlər.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin rəhbəri Sarat Taş, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Cənubi Qafqaz üzrə regional direktoru Derek Müller və başqaları ilə görüşmüşdür.
Ali Məclisin sədri qonaqlara muxtar respublikada kəhriz proqramının uğurla həyata keçirildiyindən, bu sahədə təcrübəli mütəxəssislərin, kankanların yetişdirildiyindən məmnunluğunu bildirmişdir. Ali Məclisin sədri məlumat vermişdir ki, açılışını Sarat Taşla birgə etdiyimiz “Ağsu” kəhrizi istifadəyə veriləndən sonra taxıl əkini artırılmışdır. Digər kəhrizlərdən də səmərəli istifadə olunur. Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin tərkibində yaranmış Kankanlar idarəsi kəhriz təmizlənməsi proqramını yerinə yetirir. Naxçıvan hökuməti kəhriz layihəsinin həyata keçirilməsi üçün proqramın icraçılarına fəaliyyətləri dövründə daim dəstək verəcəkdir.
Derek Müller proqramın icrasına göstərilən köməyə görə İsveçrə hökuməti adından minnətdarlığını bildirmiş, İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpenin Azərbaycana yenicə başa çatmış rəsmi səfərini iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirmişdir.
Qeyd olunmuşdur ki, İsveçrə hökuməti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Muxtar respublikada 2001-ci ildən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə kəhrizlərin bərpası proqramı həyata keçirilir. Belə tədbirlər regionların sosial-iqtisadi inkişafında müəyyən rol oynayır.
Sarat Taş layihənin yeni mərhələsində planlaşdırılan işlərdən danışmış, səmimi görüşə görə minnətdarlığını bildirmişdir.