Naxçıvan Muxtar Respublikasında KOB dostları fəaliyyətə başlayır
Yaxın günlərdə Naxçıvanda KOB İnkişaf Mərkəzi açılacaq
Naxçıvan, 19 aprel, AZƏRTAC
“Kiçik və Orta Biznesin Dostu” (KOB Dostu) Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayır. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovun iştirakı ilə keçirilən görüşdə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər və biznes mühiti barədə məlumat verib, “Kiçik və Orta Biznes Dostu”nun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB dostu” mexanizmi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 39 şəhər və rayonunda 46 “KOB dostu” fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının 4 şəhər və rayonunda da “KOB dostları” fəaliyyətə başlayacaq. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir. KOBİA sədri Naxçıvan sahibkarlarını KOB dostları ilə aktiv əməkdaşlığa dəvət edib.
Orxan Məmmədov yaxın günlərdə Naxçıvanda KOB İnkişaf Mərkəzinin də açılacağını qeyd edib. KOB İnkişaf Mərkəzi tərəfindən Naxçıvan sahibkarlarına ödənişsiz olaraq biznesin qurulması və inkişafı istiqamətində məsləhət, təlim, biznes planın hazırlanması və digər xidmətlər göstəriləcək.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda KOB dostları fəaliyyətə başlayacaq. KOB dostları Naxçıvan Muxtar Resoublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək. KOB dostu ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir.
Tədbir çərçivəsində KOBİA-nın dəstək və xidmətlərinə dair filmlər nümayiş olunub, sahibkarların çətinlikləri və təklifləri dinlənilib, sualları cavablandırılıb.