Naxçıvan Muxtar Respublikasında sükut anı
Naxçıvan, 20 yanvar, Rauf Əliyev, AZƏRTAC
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-də Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da doğma yurdumuzun, xalqımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilib.
Muxtar respublikanın minlərlə sakini yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.