Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı şahmat turniri keçirilib
Naxçıvan, 24 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə məktəblilər arasında şahmat turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şahmat Mərkəzində 100 məktəblinin iştirakı ilə gerçəkləşən yarışda İsveçrə sistemi üzrə 9 turdan ibarət mübarizənin yekununda mükafatçılar bəlli olub. Dörd şahmatçının topladığı xal (7,5 xal) bərabər olduğundan yekun sıralama reytinq göstəricilərinə əsasən müəyyənləşdirilib. Bu halda Mirsaleh Seyidli yarışın qalibi olub. Yasin Əzimov ikinci, Ramal Həsənov isə üçüncü yerə sahib çıxıb. Elvin Hüseynli 4-cü sırada qərarlaşıb.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr, müxtəlif nominasiyalar üzrə fərqlənənlərə isə fəxri fərman və şahmat dərslikləri təqdim olunub.