REGİONLAR
Naxçıvan Şəhər Su-kanalizasiya İdarəsinə vətəndaşlar tərəfindən 785 müraciət daxil olub




Naxçıvan, 30 mart, AZƏRTAC
2024-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Şəhər Su-kanalizasiya İdarəsinə vətəndaşlar tərəfindən 785 müraciət daxil olub.
İdarədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müraciətlər əsasında Naxçıvan şəhərinin Xətai məhəlləsində 10, Qaraçuq, Qaraxanbəyli kəndlərində 5, Əliabad qəsəbəsində 4, Tumbul kəndində 3, Hacıniyyət kəndində 2, 6-cı məhəllədə 2, Əziz Əliyev küçəsində 2, 6-cı küçədə 2, digər küçə, prospekt və məhəllələrdə 1 yeni su-kanalizasiya xətti çəkilib. Həmçinin magistral su xətlərində baş vermiş 45 qəza və kanalizasiya xətlərində olan 52 tutulma dərhal aradan qaldırılıb. Su sayğaclarının dəyişilməsi və ya təmiri ilə bağlı daxil olmuş 85 müraciətin 81-i icra edilib, vətəndaşlar tərəfindən verilən ərizələr əsasında 15 su və kanalizasiya xəttinin yeri dəyişdirilib.
Bundan başqa, ilin birinci rübündə şəhərin Xətai məhəlləsi, 10-cu küçə, Qaraxanbəyli və Hacıniyyət kəndlərində nasaz olan siyirmələrdə təmir-bərpa işləri aparılıb, Heydər Əliyev prospekti, Əziz Əliyev, S.C.Pişəvəri, Təbriz, N.Tusi küçələrində, Əliabad qəsəbəsində, Atabəylər və Əlincə məhəllələrində kanalizasiya kollektorları və xətlərində toplanmış bərk tullantılar təmizlənib və xüsusi texniki vasitələrlə yuyulması həyata keçirilib.