“Naxçıvan” Universiteti “Avropa universitetləri konfransı -2021”də təmsil olunub
Naxçıvan, 18 mart, AZƏRTAC
“Naxçıvan” Universiteti daha bir beynəlxalq konfransda təmsil olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli “Avropa universitetləri konfransı -2021” adlı beynəlxalq tədbirdə iştirak edib.
Qeyd edək ki, konfrans Avropa qitəsinin müxtəlif yerlərindən yüzlərlə universitet və kolleci, beynəlxalq təhsil idarəçilərini və işəgötürənləri bir araya gətirən ilk interaktiv konfransdır.
İyirmi milyondan çox tələbədən ibarət beynəlxalq bir cəmiyyət - “Docsity”nin ev sahibliyi etdiyi konfrans iştirakçılar tərəfindən maraqla qarşılanıb. Üç saata yaxın vaxt ərzində təhsil müəssisələrində təhsilin davamlılığını təmin etmək, beynəlxalq əməkdaşlığın təşviqini həyata keçirmək, tələbələrin işə qəbulu və karyera imkanlarına dəstək olmaq məqsədilə fikir mübadiləsi aparılıb.
Maraqlı anlarla yadda qalan konfransda təhsildə yeni trendlər, yenilikçi vasitələr və sabahın təhsili ilə əlaqəli bütün aspektlər virtual şəkildə müzakirə olunub.
Xatırladaq ki, konfransda İngiltərə, Fransa, Polşa, Türkiyə və digər ölkələrdən nüfuzlu universitetlərinin əməkdaşları mövzu ilə bağlı çıxış ediblər.