REGİONLAR
“Naxçıvan” Universitetində “Zəfər bizimdir! Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
“Naxçıvan” Universitetində keçirilən və Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizə həsr olunmuş “Zəfər bizimdir! Qarabağ Azərbaycandır!” adlı tədbir maraqla qarşılanıb. Universitet şəhərciyində təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva Vətən müharibəsində qazandığımız tarixi zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, işğalçı Ermənistan Azərbaycan Respublikası Prezidentinin qətiyyətli iradəsi, şanlı ordumuzun göstərdiyi şücaət sayəsində məğlub edildi və onun darmadağın edilən ordusu torpaqlarımızdan çıxmağa məcbur oldu. Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızı 44 günlük döyüş, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi nəticəsində siyasi müstəvidə qazandığımız digər uğurumuz isə Naxçıvan Muxtar Respublikasının quru yolu vasitəsilə uzun illər sonra yenidən doğma Azərbaycanımıza qovuşması oldu. Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı bəndlər regionun yeni nəqliyyat xəritəsinin konturlarını müəyyənləşdirir.
Sonra tədbirin bədii hissəsi olub. Tələbələrin ifasında bayrağımıza həsr olunmuş şeirlər və milli mahnılarımız səsləndirilib. Tələbələr tərəfindən hazırlanan müxtəlif hərbi-döyüş səhnəcikləri tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirin sonunda universitet daxilində keçirilən bilik yarışlarında və ali təhsil ocağının ictimai həyatında fəal iştirak edən tələbələr mükafatlandırılıb.