Naxçıvanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
Naxçıvan, 30 mart, Tural Kəngərli, AZƏRTAC
Martın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclis Aparatının şöbə müdiri Rəhman Məmmədov çıxış edərək, ermənilərin son iki əsrdə öz havadarlarının köməyi ilə xalqımıza qarşı soyqırımı siyasəti yeritdiyini bildirib. Rəhman Məmmədov qeyd edib ki, məkrli və qaniçən erməni cəlladlarının 1918-ci ildə respublikamızda soydaşlarımızı qətlə yetirərək etnik təmizləmə siyasəti həyata keçirməsinin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında açılıb. Ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasəti dərindən təhlil edilib və ona ilk dəfə siyasi qiymət verilib. Azərbaycan tarixinə işıq salan bu tarixi sənədə uyğun olaraq hər il ölkəmizdə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur.
Rəhman Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi neft geofizikası sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimovun karikaturaları əsasında təşkil edilib. Dünya geoloqları və geofizikləri arasında yaxşı tanınan Kərim Kərimov Yusif Məmmədəliyev adına və Sülhü Müdafiə Komitəsinin mükafatlarına layiq görülüb, Azərbaycanın əməkdar elm və texnika xadimidir. Kərim Kərimovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edilib ki, Kərim Kərimov alimliklə yanaşı, uzun illərdir həm də rəssamlıqla məşğul olur. Ötən müddət ərzində o, müxtəlif mövzularda minlərlə karikatura çəkib. 1988-ci ildən isə alim-rəssamın siyasi plakat və karikaturalarının əsas mövzusu Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin ifşası ilə əlaqədardır. İndiyə kimi Kərim Kərimovun karikaturalarından ibarət “Terrorizm və qanlı ləpirlər”, “Terrorizmə yox”, “Terrorizm, separatizm, soyqırım”, “Soyqırım” və başqa kitab-albomları işıq üzü görüb. Kərim Kərimovun karikaturaları “böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edir, beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını pozanların dəhşətli və təhlükəli olduğunu fırçanın gücü ilə insanlara çatdırır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, siyasi karikatura ustalarından olan Kərim Kərimovun bu gün Naxçıvan Muxtar Respublikasında ikinci dəfə sərgisi təşkil olunub. Karikatura yaradıcılığı ilə Kərim Kərimov Azərbaycanda siyasi karikatura məktəbi yaradıb. O, 1956-cı ildən başlayaraq müxtəlif mövzularda karikaturalar çəkir. 1988-ci ildən bəri isə çəkdiyi siyasi plakat və karikaturaların əsas mövzusu Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasətlə bağlıdır. Onun karikaturaları müəllifin 20-yə yaxın fərdi sərgisində nümayiş etdirilib. Müəllif öz əsərlərində erməni faşizminin son dərəcə dəhşətli və təhlükəli olduğunu fırçanın gücü ilə insanlara çatdırmaqla, bir daha sülhsevər qüvvələri birləşməyə çağırır.
Ülviyyə Həmzəyeva qeyd edib ki, bugünkü sərgidə rəssamın “Azərbaycan ordusu”, “Erməni xəstəliyinə yox”, “Rədd olsun terroristlər”, “Yeni dünya” və digər əsərləri sərgilənir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimov sərginin təşkili üçün minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.
Sonra sərgiyə baxış olub.