Naxçıvanda 485,5 hektar sahədə əkin işləri planlaşdırılır
Naxçıvan, 6 mart, AZƏRTAC
Martın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Nazirliyin əməkdaşları, ekokönüllülər və qeyri-hökumət təşkilatları tərəfindən Naxçıvan–Şahbuz avtomobil yolunun 11-ci kilometrliyində, yolun sol hissəsində terras üsulu ilə salınmış təpəlik ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 12 hektar sahəyə iydə, yulğun, tut, Eldar şamı, sərv, üzüm, aylant və digər növlər daxil olmaqla ümumilikdə 3300-dən çox ting əkilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikada yaşıllaşdırma sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Cari il ərzində ümumilikdə 485,5 hektar sahədə əkin işləri planlaşdırılır. Nazirlik tərəfindən meşəsalma və meşəbərpa tədbirləri çərçivəsində muxtar respublika ərazisində yol kənarlarında da yaşıllaşdırma işləri aparılır. Yaşıllaşdırma tədbirləri həyata keçirilərkən suvarma sistemlərinin qurulmasına və su ehtiyatlarından səmərəli istifadəyə xüsusi diqqət yetirilir. Bu məqsədlə hazırda Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ kənarında yerləşən 7,5 hektar ərazidə damcılı suvarma sistemi qurulub.
Qeyd edək ki, muxtar respublikada əsas magistral yolların kənarında və yaxınlığında yerləşən yaşıllıq sahələrinin rəqəmsal data bazası yaradılıb, yaşıllıq sahələrinin ölçüsü, mülkiyyəti, növ tərkibi, fotoşəkilləri və digər göstəriciləri məlumat bazasına inteqrasiya olunub. Digər ərazilər üzrə analoji işlər davam etdirilir.
Müxbir- Nail Əsgərov