Naxçıvanda 4 min abonentin “smart-kart tipli” sayğacı mexaniki sayğacla əvəzlənib
Naxçıvan, 23 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş sayğaclar yeniləri ilə əvəzlənəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov bildirib. Onun sözlərinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent “smart-kart tipli” sayğacdan istifadə edir.
İdarə rəisi qeyd edib ki, ümumilikdə 24 min “smart-kart tipli” sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı istismar müddəti bitdiyi üçün mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən, qaz sayğacının istismar müddəti 10 il təşkil edir və bu müddəti başa vurmuş sayğaclar tərəfimizdən planlı qaydada yeniləri ilə əvəzlənir.
Bildirilib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1000 abonent şəbəkəyə qoşulub. "Qaz təminatı ilə bağlı heç bir problemimiz yoxdur. Ona görə də mavi yanacağın verilişində heç bir məhdudiyyət yoxdur. Yalnız hansısa səbəbdən qəza baş verdikdə qısamüddətli fasilələr yarana bilir. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir”, - deyə Rəşad Cavadov qeyd edib.
Müxbir- Nail Əsgərov