Naxçıvanda "Təmiz hava" aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib









Naxçıvan, 15 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə iştirakı ilə "Təmiz hava" aylığı çərçivəsində ekoloji reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, reyd zamanı Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb.
Normadan artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücüləri ilə profilaktik maarifləndirici söhbətlər aparılaraq xəbərdarlıq olunub. Avtomobillərinin normadan artıq zəhərli qaz buraxmasına səbəb olan nasazlıqların dərhal aradan qaldırılması tövsiyə edilib.
“Təmiz hava" aylığı çərçivəsində reydlərin birinci mərhələsi iyunun 10-dək davam edəcək. Qeyd olunan tələblərə cavab verməyən və atmosferə buraxdığı zəhərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər.