Naxçıvanda doğum günü oktyabr ayında olan şəhidlərin xatirəsi anılıb
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə doğum günü oktyabr ayında olan şəhidlərin anım tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan doğum günü oktyabr ayında olan şəhidlərlə bağlı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən Birinci və İkinci Qarabağ müharibəsinin 36 şəhidinin portretlərini səhnədə nümayiş etdiriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək bildirib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız düşməndən azad edildi. Azərbaycan Ordusu öz missiyasını ləyaqətlə yerinə yetirdi, ərazi bütövlüyümüz təmin olundu. Ölkəmizdə yaranmış xalq-ordu-rəhbər birliyi nəticəsində tarixi ədalət bərqərar oldu.
Elşad Əliyev şəhidlərə Allahdan rəhmət diləyib, onların valideynlərinə səbir və qazilərə cansağlığı arzulayıb.
Mərasimdə şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və şəhid Elvin Məmmədovun atası Etibar Məmmədov çıxış edərək, Azərbaycanı yenidən bütövləşdirib dünyaya tanıdan övladlarının xatirəsinə göstərilən ehtirama görə razılıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının “Belkanto” vokal qrupu ilə birgə hazırladığı “Sən candan keçdin ki, el Zəfər çalsın” adlı kompozisiya nümayiş etdirilib.