NAXÇIVANDA GƏNC ŞAHMATÇILARIN DÜNYA ÇEMPİONATI UĞURLA START GÖTÜRMÜŞDÜR
İyunun 22-də Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində gənclər arasında şahmat üzrə dünya çempionatı başlanmışdır. Çempionatın başlanması münasibətilə təntənəli mərasim olmuşdur. Dünyanın 31 ölkəsindən gəlmiş gənc idmançılara və qonaqlara qədim Naxçıvanın tarixi, dünəni və bu günü haqqında Azərbaycan və ingilis dillərində məlumat verilmişdir. Sonra salona şah, vəzir və vəkil qiyafəsində daxil olan Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları şahmatçılara uğurlar arzulamışlar. Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov şahmatçıları Naxçıvan torpağında salamlamaqdan məmnunluq duyduğunu bildirmiş, son illər ölkəmizdə gənclərə göstərilən qayğıdan, idmançılarmızın mötəbər beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərdən danışmış və şahmatçılara uğurlar diləmişdir. Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Zurab Azmayparaşvili də şahmatçıları bu mötəbər yarış münasibətilə təbrik etmiş, onlara qələbə arzulamışlar. Milli geyimli qızlar şirniyyat xonçalarını gənc şahmatçılara təqdim etmişlər. Mərasimdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri, Kamera orkestri, Naxçıvan Dövlət Universitetinin tələbə teatrı, Heydər Əliyev adına Uşaq və Gənclər Yaradıcılıq Sarayının balaca rəqqasları musiqi töhfələri ilə əcnəbi qonaqlara və idmançılara xoş ovqat bəxş etmişlər. X X X Mərasim başa çatdıqdan sonra 20 yaşınadək oğlan və qızlar arasında şahmat üzrə dünya birinciliyinin startı verilmişdir. Çempionatda dünyanın müxtəlif ölkələrindən 78 şahmatçı, o cümlədən 50 oğlan, 28 qız iştirak edir. Bunlardan 11 oğlan və 10 qız Azərbaycan şahmatçılarıdır. Yarışlara beynəlxalq dərəcəli hakimlər - Azərbaycandan Faiq Həsənov, Rumıniyadan Elizabet Poli Xraniade, Gürcüstandan Quram Kantariya, Rusiyadan Vladimir Dvorkoviç, İqor Vereşaqin və başqaları rəhbərlik edirlər. İlk turun nəticələrinə görə, Azərbaycan şahmatçılarından Zeynəb Məmmədyarova, Mehriban Şükürova, Nərgiz Məmmədova qızlar arasında, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov isə oğlanlar arasında üstünlük əldə etmişlər. İsveçrə sistemi ilə keçirilən çempionatda 13 tur oynanılacaqdır. Qalib şahmatçılar dünya kuboku yarışlarına vəsiqə qazanacaqlar. Çempionat iyulun 4-də başa çatacaqdır.