Naxçıvanın Dövlət Miqrasiya Xidmətinin rəsmi sosial şəbəkə hesabları istifadəyə verilib
Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti), həm də “Instagram” (nmr_miqrasiya_xidmeti) səhifələrini istifadəyə verib.
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, səhifələrin yaradılmasında əsas məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumatlandırılma və maarifləndirilmə işini təşkil etmək, ictimaiyyətin xidmətin fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, habelə ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ cavablandırmaq və müraciətlərini qəbul etməkdir.
“Facebook” və “Instagram” sosial şəbəkələrinə xidmətin rəsmi internet səhifəsi olan miqrasiya.nakhchivan.az saytına keçid də yerləşdirilib.
Qeyd edək ki, bu gün muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri bütün sahələr üzrə fəaliyyət göstərir. Elektron xidmətlərin göstərilməsində “202 - Miqrasiya Məlumat Mərkəzi”nin də xüsusi rolu var. Ölkə vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “202 - Miqrasiya Məlumat Mərkəzi”nə zəng edərək miqrasiya sahəsini əhatə edən istənilən sualı rahatlıqla ünvanlaya bilərlər.