Naxçıvanlı şagirdlər Məktəblilərin Respublika İdman Olimpiadasında 14 medal qazanıb
Naxçıvan, 28 iyun, AZƏRTAC
Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, olimpiadada Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin idmançıları uğurla çıxış edərək 4 qızıl, 1 gümüş və 9 bürünc olmaqla ümumilikdə 14 medal qazanıblar.
Qızıl medalçılar- Ümid Musayev (top atma), Uğur Məmmədli (qaçaraq uzunluğa tullanma), Fəxrəddin Allahverdiyev (ağırlıqqaldırma), Məhəmməd Mustafayev (boks), gümüş medalçı Ümid Hüseynov (ağırlıqqaldırma), bürünc medalçılar- Mikayıl Novruzov (ağırlıqqaldırma), Nihad İmanov (cüdo), Murad Babayev (qaçış), Dünyamin Şirəliyev, Elmurad Kərimli, Səfər Həsənli və Rəvan Orucov (boks), Şamxal Əlizadə, Ramal Bağırov (güləş) olublar.
Qeyd edək ki, yarışda Naxçıvandan 8 idman növü üzrə 17 məşqçi-müəllim və 64 məktəbli iştirak edib. Qaliblər Naxçıvan şəhər, Şərur və Ordubad rayon Uşaq-Gənclər İdman məktəblərinin yetirmələridir.