Nazim Ağamalıyev: Azərbaycanın dünyada artan nüfuzu ilə fəxr edirik
Azərbaycanın dünyada gündən-günə artan nüfuzu, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi xaricdə yaşayan biz azərbaycanlıları ürəkdən sevindirir. Azərbaycan artıq bir Avropa paytaxtıdır.
Bu sözləri oktyabrın 20-də Macarıstanda yaşayan həmvətənimiz, “HUNAZ” təşkilatının baş icraçı direktoru Nazim Ağamalıyev AZƏRTAC-a müsahibəsində deyib.
Macarıstan cəmiyyətinə Azərbaycanın tarixi, mədəniyyəti barədə bilgilər verməyə çalışdıqlarını söyləyən Nazim Ağamalıyev deyib: “HUNAZ” təşkilatı dövlətimizin başçısının yürütdüyü siyasəti tam müdafiə və təbliğ edir. Biz Prezident İlham Əliyevin “Azərbaycanın bir qarış torpağı da müzakirə mövzusu deyil” fikrini daim təbliğ edirik. Azərbaycanın iqtisadi inkişafı, Avropaya inteqrasiyası biz azərbaycanlıları həmişə sevindirir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Biz fəxr edirik ki, bu gün Azərbaycan regionda ən inkişaf etmiş ölkədir. Tolerant ölkə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. İqtisadi inkişafımız artıq göz qabağındadır və Avropa ölkələri tərəfindən qəbul edilir. Bu, bizə baş ucalığı gətirir və bununla fəxr edirik!”.