Nazim Hikmət Türkiyədə ehtiramla anılır
Ankara, 2 iyun, AZƏRTAC
XX əsr dünya ədəbiyyatının ən böyük simalarından olan Nazim Hikmət şeirləri ilə poeziyasevərlərin qəlbində əbədiyaşar yer tutub, yaradıcılığı hər zaman tədqiqatçılar tərəfindən həvəslə araşdırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi vəfatının ildönümü ilə əlaqədar ustad şairin həyat və yaradıcılıq bioqrafiyasına həsr etdiyi infoqrafikada türkdilli oxuculara Nazim Hikmət qələminin qüdrəti barədə geniş məlumat verilir.
İnfoqrafikanın məzmunu ilə tanış olanda bir daha həqiqət ortaya çıxır ki, Nazim Hikmət nadir üslubu ilə təkcə türk xalqının deyil, bütün Şərq poeziyasına misilsiz təsir göstərib. Diqqətə çatdırılır ki, böyük türk şairinin şeirləri 50 dilə tərcümə edilib.
Qeyd edək ki, 1963-cü il iyunun 3-də dünyasını dəyişən Nazim Hikmətin sağlığında şeirlərinin qüdrəti ilə poeziya dahilərindən biri kimi tanınıb və sevilib. UNESCO böyük şairin 100 illiyi şərəfinə 2002-ci ili “Nazim Hikmət ili” elan edib. Nazirlər Kabinetinin 2009-cu ildə qəbul etdiyi qərar əsasında Türkiyə vətəndaşlığına qəbul edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara