Nazir: Azərbaycanın məqsədi yaşıl enerji ixracatçısına çevrilməkdir
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan dövlətinin məqsədi ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirməkdir. Azərbaycanın geniş həcmdə yaşıl enerji istehsal və ixrac etməyə potensialı çatır.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Azərbaycan hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit sazişinin imzalanması mərasimində bildirib.
Nazir Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib, müqavilənin ölkəmizin enerji sektorunda dayanıqlı, yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib.
S.Babayev Azərbaycanın zəngin bərpaolunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətin məqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib.