İDMAN
Nazir Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib
Bakı, 26 oktyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Antalyada Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, tədbirin ilk günü F.Qayıbov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısına qatılıb.
Oktyabrın 26-da bir çox Avropa ölkələri idman nazirlərinin, rəsmilərin iştirakı ilə konfransın rəsmi açılışı keçirilib. Nazir F.Qayıbov konfransda çıxış edərək “Gender bərabərliyi: qadınların bərabər iştirakı və iştirakçılığın təmin edilməsi”, “İdman inklüzivlik vasitəsi kimi: onun aztəminatlı qruplar üçün rolu” və “Uşaqlar üçün idman: təlim, profilaktika və inkişafı” mövzuları üzrə təkliflərlə çıxış edib.
Tədbirdə F.Qayıbovu Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS İdarə Heyətinin üzvü Namiq Novruzov müşayiət edir.
Tədbir çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.