SİYASƏT
Nazir Mövlud Çavuşoğlu: Avropa İttifaqının məqsədi sülhə təkan verməkdirsə, prosesə dəstək göstərsin VİDEO

Ankara, 21 oktyabr, AZƏRTAC
ATƏT-in nizamnaməsini, fəaliyyət qaydaları və prinsipləri təsirini itirdikcə, mahiyyət etibarilə təşkilatın özünün də təsiri itir. Məlum münaqişənin 30 il həll olunmamasının səbəbi də məhz ATƏT-in Minsk qrupunun birtərəfli qaydada Ermənistanın tərəfində olmasıdır. Fəaliyyətləri işğalçını həvəsləndirmək olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu funksioneri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mersin şəhər təşkilatında keçirdiyi mətbuat konfransında ifadə edib.
Avropa İttifaqının məlum proseslərdə səmimi olmadığını bildirən nazir Mövlud Çavuşoğlu deyib: “Məqsədiniz həqiqətən də sülhə təkan verməkdirsə, prosesə dəstək göstərin. Düzgün mövqe tutun. Biz Azərbaycan və Ermənistan arasındakı xoşməramlı prosesi dəstəkləyirik. Azərbaycan çox səmimi şəkildə Ermənistana sülh anlaşması təklifi irəli sürüb. İndi onun üzərində çalışırlar və biz də bu işə dəstək veririk”.
Nazir Mövlud Çavuşoğlu əminliklə bildirib ki, Azərbaycan və Ermənistan arasında bütün faydalı addımlar, Türkiyə-Ermənistan əlaqələrinə də faydalı təsir göstərəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara