Nazir müavini: Statistika izahat mexanizmlərinin məhkəmə yükünü azaltdığını göstərir
Bakı, 20 fevral AZƏRTAC
Sosial mübahisələrin mümkün qədər məhkəməyə çatdırılmadan, preventiv və əsaslandırılmış şəkildə həll olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində əsas meyarlardan biridir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən “İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: Təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi (dəyişdirilməsi), inzibati praktikada bərabər yanaşma və etimadın qorunması” adlı ikinci panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, son illər bu istiqamətdə aparılan institusional islahatlar və prosedur yanaşmalar konkret statistik nəticələrlə müşahidə olunur. Belə ki, nazirlik xətti ilə məhkəmələrdə yekunlaşan işlərin sayı 2017-ci ildə 10 min 216 olduğu halda, sonrakı dövrdə bu göstərici 84 faiz azalaraq 1 681-ə enib.
Nazir müavini qeyd edib ki, oxşar dinamika maliyyə xarakterli mübahisələr üzrə də müşahidə olunur. Ödənişlərlə bağlı mübahisələr üzrə işlərin sayı son illərdə 86 faiz azalıb ki, bu da qərarların əsaslandırılmasının və ilkin mərhələdə düzgün prosedur tətbiqinin nəticəsidir.
Rəşad Mustafayev bildirib ki, 2024-cü ildə aylıq orta hesabla 1 494 qərar qəbul edilib, 2025-ci ildə isə bu rəqəm təxminən 13 faiz dəyişiklik göstərib. Onun sözlərinə görə, bu rəqəmlər işlərin azalması deyil, əksinə, izahat və əsaslandırma keyfiyyətinin yüksəlməsi fonunda vətəndaşların mübahisəli məsələlərdə daha az məhkəməyə müraciət etməsi ilə izah olunur.
Nazir müavini vurğulayıb ki, son illər diqqət qərarların əsaslandırılmasına, prosedurların ilkin mərhələdə düzgün aparılmasına və inzibati izahat mexanizmlərinin gücləndirilməsinə yönəldilib. Məqsəd vətəndaşların illərlə məhkəmə prosesləri gözləməsinin qarşısını almaq və məsələlərin mümkün qədər qısa müddətdə həllini təmin etməkdir.
Çıxışda bildirilib ki, 2025-ci ildə 116 iş məhz inzibati qaydada, məhkəməyə çatdırılmadan və vətəndaşların xeyrinə həll olunub. Bu yanaşma bir tərəfdən vətəndaş məmnunluğunu artırır, digər tərəfdən isə məhkəmələrin və ümumilikdə hüquq sisteminin üzərindəki yükü azaldır.
Rəşad Mustafayev əlavə edib ki, əlillik müddətinin başa çatması və yenidən qiymətləndirmə prosedurları ilə bağlı inzibati icraatların sadələşdirilməsi istiqamətində də normativ dəyişikliklər edilib. Bu dəyişikliklər Sosial Ekspertiza Komissiyalarının əvvəlki qərarlarının şübhə doğurduğu hallarda hüquqi mexanizmlərin daha çevik tətbiqinə imkan verir.