Nazir: Qətər Əmiri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin iqtisadiyyat və kommersiya naziri Şeyx Əhməd bin Cassim Al-Tani ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi, 2014-cü ildə Azərbaycan Prezidenti ilə Qətər Əmirinin Soçi şəhərində Qış Olimpiadası zamanı keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qərarlarının icrası ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin ötən dövrdə həyata keçirilən qarşılıqlı səfərlər zamanı iqtisadi, sərmayə, ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi və işgüzar dairələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində atılacaq konkret addımlar müzakirə olunub.
Nazir Şeyx Əhməd bin Cassim Al-Tani ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrində maraqlı olduğunu, Qətər dövləti Əmirinin bu əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Səfir Tofiq Abdullayev keçən illər ərzində Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin Qətərə, eyni zamanda, Qətər İnvestisiya Qurumu nümayəndə heyətinin Bakıya tanışlıq səfərinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsində vacib amil olduğunu diqqətə çatdırıb. Səfir belə səfərlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.