ELM VƏ TƏHSİL
Nazir: Son illərin tarixçiləri əsasən hüquq ixtisasına qəbul ola bilməyənlərdir
![Nazir: Son illərin tarixçiləri əsasən hüquq ixtisasına qəbul ola bilməyənlərdir](/files/2023/1/1200x630/16786923172403554154_1200x630.jpg)
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycanda hazırda qəbul qaydaları şaqulidir. Yəni abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istədiyi halda, gedib başqa bir ixtisasa düşmüş olur. Abituriyentlər 95 faiz halda belə davranırlar. Son illərin tarixçiləri əsasən hüquq ixtisasına qəbul ola bilməyənlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, alternativ paralel və ya horizontal alqoritm ola bilər. Bu alqoritmin mahiyyəti ondan ibarətdir ki, bir abituriyentin, eyni zamanda, bir neçə ali təhsil müəssisəsinə müraciət etmək hüququ var. O, bir neçə ali təhsil müəssisəsinə paralel daxil ola bilir. Amma bu da özlüyündə elə də asan prosedur deyil. Kifayət qədər ciddi logistik və ünsiyyət, kommunikasiya mexanizmi tələb edir.