NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Xanım Holmberq görüşün Azərbaycan xalqı üçün hüznlü bir vaxtda - görkəmli siyasi xadim Heydər Əliyevin vəfatının ildönümü günündə keçirildiyini xatırlatdı, Azərbaycanla İsveç arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirməyin zəruriliyini və bunun hər iki ölkə rəhbərlərinin iradəsinə cavab verdiyini vurğuladı. O dedi ki, Azərbaycanın İsveçdə, İsveçin isə Bakıda səfirliklərinin açılması ikitərəfli əlaqələrin genişlənməsi işinə xidmət edəcəkdir.
Baş nazirin müavini Əli Həsənov ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən söz açdı, İsveç nümayəndə heyətinin üzvlərinə respublikamızın ən ağrılı problemindən – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirdi ki, bu münaqişə nəticəsində Azərbaycan torpaqları işğal edilmiş, bir milyonadək soydaşımız doğma ocaqlarından qovulmuşdur.
Görüşdə miqrasiya proseslərinin tənzimlənməsi sahəsində ölkəmizdə mövcud olan vəziyyət, beynəlxalq normalara cavab verən hüquqi baza, idarəetmə məsələləri, habelə Azərbaycandan, o cümlədən üçüncü ölkələrdən İsveçə miqrasiya problemlərinin əlaqələndirilməsi məsələləri müzakirə edildi.