NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Keçmiş ittifaqın süqutundan sonra hər iki ölkənin qaçqın və məcburi köçkünlərlə bağlı eyni problemlərlə qarşılaşdığını vurğulayan Əli Həsənov bu iki strukturun bir-birinin təcrübəsindən bəhrələnməsinin mövcud çətinliklərin aradan qaldırılmasına fayda verəcəyini qeyd etmişdir.
Baş nazirin müavini Komitənin strukturu, gördüyü işlər barədə məlumat vermişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə, xalqımıza dəyən maddi və mənəvi ziyanın həcmi barədə danışmış və bildirmişdir ki, təkcə Ermənistandan zorla çıxarılan soydaşlarımızın orada 60 milyard ABŞ dolları məbləğində əmlakı qalmışdır.
Əli Həsənov ermənilər tərəfindən aparılan etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlının qalmadığını vurğulamış, Dağlıq Qarabağdan və sırf azərbaycanlıların yaşadıqları yeddi rayondan qovulmuş 700 min məcburi köçkünün problemləri barədə qonağa məlumat vermişdir.
Georgi Xeviaşvili demişdir ki, adət-ənənələrimiz kimi, problemlərimiz də oxşardır. Azərbaycan və Gürcüstan qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşmişlər. Biz qonşu və dost xalqlar kimi, bu dəfə də qarşılaşdığımız çətinlikləri birgə səylə, bir-birimizin təcrübəsindən bəhrələnməklə aradan qaldıracağıq.
Görüşdə qaçqın və məcburi köçkünlərin işləri üzrə müxtəlif layihələrin həyata keçirilməsinə, zəbt olunmuş ərazilər azad edildikdən sonra qaçqın və köçkünlərin doğma yurdlarına qaytarılması prosesində yaranacaq problemlərə və s. məsələlərə dair təcrübə mübadilələrinin aparılmasının vacibliyi vurğulanmışdır.