Nazirlik qanunsuz ov edənləri cəzalandırıb
Bakı, 3 noyabr, AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 1-də Göyçay rayonunun Alpout kəndi ərazisində, Kürdəmir rayonunun Təklə kəndi ərazisində, Abşeron rayonunun Məmmədli kəndi ərazisində və Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Onlardan ümumilikdə 6 ov tüfəngi və 52 ədəd patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilib, hər biri 1000 manat məbləğində cərimə olunub.
Noyabrın 2-də Qax Dövlət Təbiət Yasaqlığının ərazisində isə Şəki rayonunun Kiçik Dəhnə kənd sakini Sahib Məmmədrəhimov saxlanıb, ondan 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı müvafiq qaydada akt və protokol tərtib edilərək qanun pozucusuna 1000 manat məbləğində cərimə yazılıb. Eyni zamanda, Saatlı rayonunun Şirinbəy kəndi ərazisində içərisində 4 nəfərin olduğu 10 VC 767 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 3 ov tüfəngi və ovlanmış cüllüt quşu aşkar edilib. Lakin həmin şəxslər sənədlərini təqdim etməyib və tüfənglərin götürülməsinə mane olmaqla ETSN-in əməkdaşlarına müqavimət göstəriblər. Bundan başqa, reydlər zamanı İsmayıllı rayonunun Şəbiyan kəndi ərazisində də 2 naməlum şəxs saxlanılıb. Müqavimət göstərmələrinə baxmayaraq onlardan 2 ov tüfəngini və 4 ədəd patronu götürmək mümkün olub. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.
Reydlər davam etdirilir.