Nazirlik: Yalnız inventarlaşdırılmış və nişanlanmış ağaclarla bağlı müraciətlərə rəy veriləcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı və Gəncə şəhərlərinin inzibati ərazilərində pilot layihə olaraq başlanılan ağacların inventarlaşdırılması və nişanlanması işləri davam etdirilir. Bu ölkə ərazisindəki yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, onların qorunması və səmərəli idarəolunması, eyni zamanda, ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bakıda 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi, Gəncədə isə 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti altında həyata keçirilən bu pilot layihə mərhələli şəkildə bütün ölkə ərazisini əhatə edəcək.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov AZƏRTAC-a bildirib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəylər verilən zaman artıq yalnız xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınmış və inventarlaşdırılmış ağaclarla bağlı müraciətlərə rəy veriləcək. Yəni hər hansı ağacın götürülməsi ilə bağlı müraciət yalnız həmin ərazidəki ağaclar nişanlanaraq qeydiyyata alındığı halda nəzərdən keçiriləcək. Həmin yanaşma gələn il yanvarın 1-dən başlayaraq ağacların götürülməsi ilə bağlı daxil olmuş müraciətlərə tətbiq olunacaq: “Layihənin məqsədi ölkə üzrə ağacların nişanlanaraq dəqiq qeydiyyatının aparılmasıdır. Əgər hər hansı ağac gələcəkdə quruyarsa və ya təhlükəli vəziyyət yaradarsa, yaxud hansısa layihə altına düşərsə, onun qiymətləndirilməsi bu qeydiyyat məlumatları əsasında aparılacaq. Xüsusilə vurğulanmalıdır ki, qeydiyyata alınmamış və etiketlənməmiş ağacların köçürülməsinə, götürülməsinə rəy verilməyəcək. Yeni qaydalar yaşıllıqların qorunmasına, şəffaflığın təmin edilməsinə və hər bir ağacın dəqiq uçotunun aparılmasına xidmət edir”.
Rüstəm Həsənovun sözlərinə görə, bu proses növbəli şəkildə bütün ölkə ərazisini əhatə edəcək və bu yanaşmanın yaşayış məntəqələrinə yaxın, həssas meşə fondu, qoruq və milli parkların ərazilərində də mərhələlərlə həyata keçirilməsi planlaşdırılır: “Görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və parametrləri barədə məlumatlar mütəmadi www.agac.az saytında yerləşdirilir”.