Nəcəf şəhərində Azərbaycan-İraq əlaqələri müzakirə olunub
Bağdad, 19 noyabr, AZƏRTAC.
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov Nəcəf şəhərində rəsmi səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində N.Məmmədov Nəcəf şəhərinin valisi Louay Al-Yasiri ilə görüşüb. Diplomat qeyd edib ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu İraqla əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən diplomat diqqətə çatdırıb ki, hər iki ölkənin turizm, tikinti, qarşılıqlı investisiyaların cəlb edilməsi və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialı var və bu imkanlardan istifadə etmək lazımdır.
Louay Al-Yasiri Azərbaycanın işğal edilmiş ərazilərinin 44 günlük Vətən müharibəsində azad olunması münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, İraq Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxıb və hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Söhbət əsnasında Bakı-Nəcəf aviareysinin bərpası və Nəcəf şəhərində dini təhsil alan azərbaycanlı tələbələrin, bu müqəddəs şəhərə ziyarətə gələnlərin üzləşdikləri problemlər müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra Nəsir Məmmədov Nəcəf və Kərbəla şəhərlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşərək onların problemləri ilə maraqlanıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad