Neft-mədən ərazilərinin lay suları və digər tullantılardan təmizlənməsi nəzarətdə saxlanılır
Bakı, 23 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekoloji layihələrin idarəedilməsi şöbəsinin əməkdaşları “Azneft” İstehsalat Birliyinin Qaraçuxur iriləşmiş neft mədəni ərazisində və “Suraxanı” əməliyyat şirkətinin neft yataqlarında ətraf mühitin bərpası üzrə görülən işlərin icrasını yoxlamaq məqsədi ilə əraziyə növbəti baxış keçirmişlər.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq “ARDNŞ-in, birgə müəssisə və əməliyyat şirkətlərinin neft-mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına aid təxirəsalınmaz tədbirlər”in yerinə yetirilməsi işlərinə nəzarət məqsədi ilə reallaşdırılmışdır. Monitorinq zamanı məlumat verilmişdir ki, hər iki yataqda mövcud gərgin ekoloji vəziyyəti aradan qaldırmaq üçün təsdiq olunmuş qrafik əsasında kompleks bərpa işlərinin həyata keçirilməsi davam etdirilir. Hazırda monitorinq ərazisində süni gölməçələrin qurudulması, neftlə çirklənmiş torpaq sahələrinin təmizlənməsi, ləğv olunmuş quyuların beton bünövrələrinin dağıdılması, istifadə olunmayan neft tutucularının, neft çənlərinin, boru xətlərinin, hava elektrik ötürücü xətlərinin və s. neft-mədən avadanlığının sökülüb ərazilərdən çıxarılması, mancanaq dəzgahlarının rənglənməsi işləri aparılır. Əraziyə texniki vasitə və işçi qüvvəsi cəlb olunmuşdur.