CƏMİYYƏT
Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb
Bakı, 15 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin Mingəçevir Şəhər Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayının sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı gəmi istifadəçiləri Zaur Məmmədli, Fərid Əkbərov, İsgəndər Rzayev və Ehtiram Abdullayev barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün məcburi göstərişlər verilib.