Neftçala rayonunda icra olunacaq yeni içməli su layihəsinin təqdimatı keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətində rayonun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən icra olunacaq yeni layihənin təqdimatı keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov əhalinin su təchizatında yaranmış çətinliklər barədə məlumat verib. Qeyd olunub ki, Neftçala rayonu ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizi suyunun çay boyunca əks istiqamətdə axması əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Ötən müddətdə əhalinin içməli su ilə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 11 dekabr tarixli Sərəncamının icrası çərçivəsində “Azərsu” tərəfindən Salyan şəhərindən Neftçala şəhərinə 40 kilometr uzunluğunda magistral su xətti və tutumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabrından Neftçala şəhəri sakinləri keyfiyyətli içməli su ilə təmin olunur. Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yaxın vaxtlarda yeni layihənin icrasına başlanılacaq.
ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov yeni layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib. Təqdimat zamanı qeyd olunub ki, Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində icra olunacaq layihə 12 yaşayış məntəqəsini əhatə edir. Bu kəndləri içməli su ilə təmin etmək üçün 11 kilometr uzunluğunda magistral və ümumi uzunluğu 15,5 kilometr olan paylayıcı su xətləri çəkilərək modul sutəmizləyici qurğulara suyun verilişi təmin ediləcək.
Tədbirdə Neftçala şəhərinin və kəndlərin su təchizatında mövcud vəziyyət, modul tipli su təmizləyici qurğuların su təminatı, ümumi istifadə üçün quraşdırılmış bulaqların və su çənlərinin mövcud vəziyyəti, sudaşıyan maşınlarla suyun daşınması və sair məsələlər müzakirə olunub.