NEFTÇİLƏR GÜNÜ MÜNASİBƏTİLƏ MİLLİ PARKDA BAYRAM TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
Bakılılar və paytaxtın qonaqları dörd pavilyonda Azərbaycan neft sənayesinin inkişafını əks etdirən sərgiyə maraqla tamaşa etmişlər. Neftçıxarma və neftayırma sənayelərinin müxtəlif mürəkkəb qurğularının maketləri, sahəyə aid rəngarəng stendlər və fotoşəkillər tamaşaçılarda şərəfli peşə sahiblərinin əməyi haqqında aydın təsəvvür yaradırdı.
Minlərlə sakin asfalt üzərində uşaqların rəsm müsabiqəsini izləmişdir.
Parkda quraşdırılmış səhnədə Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertin aparıcıları tarixə ekskurs edərək, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 1994-cü ilin 20 sentyabrını - “Əsrin müqaviləsi”nin imzalandığı günü, o vaxtdan bəri görülmüş nəhəng işlər barədə konkret faktları xatırlatmışlar.
Səhnənin kənarındakı böyük ekranlarda ölkə neftçilərinin rəşadətli əməyini, ümummilli liderimiz Heydər Əliyevin müdrik uzaqgörənliyinin, tarixi qətiyyətinin təntənəsi olan yeni neft strategiyasının reallaşmasını, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin çəkilişini əks etdirən sənədli kadrlar nümayiş etdirilmişdir.
Milli Parkda bayram gəzintisi və konsert gecədən xeyli keçənə qədər davam etmiş, atəşfəşanlıqla başa çatmışdır.