İDMAN
“Neftçi”nin futbolçusu: Tovuza üç xal qazanmaq üçün gedirik

Bakı, 29 sentyabr, AZƏRTAC
Diqqətimizi tam olaraq oyuna cəmləmişik. Bizi “Turan Tovuz”la çətin qarşılaşma gözləyir. Amma oraya qalib gəlmək və üç xal qazanmaq üçün gedirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Kenni Sayef Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Turan Tovuz"a qarşı keçirəcəkləri oyunla bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
ABŞ-dan olan yarımmüdafiəçi bildirib ki, komanda matça hazır vəziyyətdədir: “Amma “Turan-Tovuz”a qarşı oynayan hər komanda üçün ortaq problemlər var. 6-7 saat yol qət etdikdən sonra süni ot örtüyündə mübarizə aparmaq elə də asan deyil”.
30 yaşlı yarımmüdafiəçi cəza səbəbindən bu görüşdə iştirak etməyəcək braziliyalı müdafiəçi Yuri Matiasın komanda üçün vacib oyunçu olduğunu vurğulayıb: “İnanıram ki, rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki biz “Neftçi” komandasıyıq. Meydana çıxan hər kəs əlindən gələni etməyə çalışacaq”.
Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.