Nəqliyyat Nazirliyində soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 31 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Nəqliyyat Nazirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən quberniyanı azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plandan danışan natiqlər bildirmişlər ki, minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış bu faciə öz hüquqi qiymətini yalnız ümummilli liderimiz Heydər Əliyevin sayəsində almışdır. Məhz ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Çıxış edənlər azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması faktlarının XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən olduğunu vurğulayaraq, düşmən tapdağı altında olan torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına inamlarını ifadə etmişlər.