NƏQLİYYAT NAZİRLİYİNDƏ TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI İLƏ BAĞLI KOMİSSİYA YARADILMIŞDIR
Bakı, 25 may (AZƏRTAC). Nəqliyyat Nazirliyindən bildirmişlər ki, “Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 may tarixli Sərəncamının icrası ilə bağlı nazir Ziya Məmmədov komissiya yaradılmasına dair əmr imzalamışdır.
Əmrdə bildirilir ki, baş vermiş təbii fəlakət nəticəsində nəqliyyat-yol kompleksi sahələrinə, o cümlədən avtomobil və dəmir yollarına ciddi ziyan dəymiş, yaranmış müəyyən çətinliklərlə bağlı həmin ərazilər üzrə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranmışdır. Qeyd olunan məsələlərin həllinə yönəlmiş işlərin təşkili, istiqamətləndirilməsi, əlaqələndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının müvafiq qurumları ilə yanaşı, Nəqliyyat Nazirliyi də zəruri tədbirlər görür.
Əmrə əsasən, təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması ilə əlaqədar dövlətimizin başçısının Sərəncamının icrası olaraq, fəlakət zonasında sıradan çıxmış yol-nəqliyyat infrastrukturu obyektlərinin bərpası və yenidən qurulması, dəymiş maddi ziyanın həcminin qiymətləndirilməsi və ödənilməsi, habelə gələcəkdə bu cür halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə komissiya yaradılmışdır.
Komissiya sədrinin müavini nəqiyyat nazirinin müavini Musa Pənahovdur. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun, Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cavid Nəcəfovun, “Avtonəqliyyatservis” Departamentinin rəisi Çingiz Baxışevin, nazirliyin təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifovun, maliyyə və kredit şöbəsinin müdiri Faiq Ələkbərovun, nəqliyyat müfəttişliyi şöbəsinin müdiri Rəşad Məmmədovun və katibliyin müdiri Namiq Həsənovun daxil olduqları komissiyaya tapşırılmışdır ki, təbii fəlakətə məruz qalmış ərazilərdə nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflər hazırlasın.
Bundan əlavə, gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair də təkliflər hazırlanmalı, fəlakət zonasında əhalinin daşımalara olan tələbatının təmin edilməsi, həmin ərazilərdə aparılan qəza-bərpa işləri ilə bağlı yük daşımalarının yerinə yetirilməsi, habelə lazımi maddi-texniki vəsaitlərlə və işçi qüvvəsi ilə yardım göstərilməsi üçün də zəruri tədbirlər görülməlidir.
Əmrdə göstərilir ki, uçmuş, qəzalı vəziyyətə düşmüş nəqliyyat infrastrukturu obyektlərinin siyahısı hazırlanmalı, həmçinin həmin obyektlərə dəymiş ziyanın həcmi müəyyənləşdirilməlidir.