REGİONLAR
Nəsiminin 650 illik yubileyi Füzuli rayonunun təhsil müəssisələrində silsilə tədbirlərlə qeyd edilib
Füzuli, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi Füzuli rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Nəsimi ili" çərçivəsində rayonun təhsil müəssisələrində mütəfəkkir şairin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər, konfrans, mühazirə, ədəbi-bədii gecələr təşkil edilib. Tədbirlərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığından, əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs olunub. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edilməsi, onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyətə malik olması şagirdlərin nəzərinə çatdırılıb. Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nəsiminin qəzəllərindən nümunələr səsləndiriblər.
"Nəsimi ili" çərçivəsində yekun tədbir 59 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə çıxış edən Füzuli Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu bildirib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını və Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb.
Tədbirdə İmadəddin Nəsiminin həyatından, milli ədəbiyyatımızda yaradıcılığının yeri və rolundan ətraflı söz açılıb. Sonra məktəbin şagirdləri Nəsimi yaradıcılığına həsr olunan bədii kompozisiya təqdim ediblər.