Nicat Qurbanov: Futbolun millətləri birləşdirən idman növü olduğunu bir daha gördüm
Bakı, 3 iyul, AZƏRTAC
Dünya çempionatının ab-havası tamam başqadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-də yaşayan keçmiş azərbaycanlı futbolçu Nicat Qurbanov dünya çempionatının oyununu ilk dəfə stadiondan canlı izləməsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O, Kaliforniya ştatının San Xose şəhərində yaşadığını və J qrupunun II turunun İordaniya – Əlcəzair qarşılaşmasını stadiondan izlədiyini bildirib: "Dünya çempionatının oyununa ilk dəfə idi ki, stadiondan canlı baxırdım. Kaliforniya ştatının San Xose şəhərində yaşayıram və burada keçirilən İordaniya–Əlcəzair matçına getmişdim. Açığı, oyunun o qədər də maraqlı keçəcəyini düşünmürdüm. Amma qarşılaşma gözlədiyimdən daha baxımlı alındı".
Keçmiş futbolçu mundialın ab-havasının xüsusi olduğunu vurğulayıb: "Doğrudan da dünya çempionatının ab-havası tamam başqadır. Həmin atmosferi daha yaxından hiss etmək üçün stadiona erkən getmişdim. Hər iki komandanın azarkeşləri mehriban şəkildə öz yığmalarını dəstəkləyirdilər. Çox gözəl mənzərə idi. Futbolun millətləri birləşdirən bir idman növü olduğunu bir daha gördüm. Bir sözlə, bu mənə çox xoş təsir bağışladı".
O, mundialdakı favoritini də açıqlayıb: "Azarkeşlik etdiyim komanda Argentinadır. Düzünü desəm, Lionel Messinin azarkeşiyəm və onun karyerasının son illərini bir qədər kövrək hisslərlə izləyirəm. Bununla belə, hesab edirəm ki, hazırkı dünya çempionatının əsas favoriti Fransa millisidir. Onların çox güclü heyəti var və komanda çox baxımlı futbol nümayiş etdirir".
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.