DÜNYA
Nigeriyada daşqınlar nəticəsində azı 37 nəfər ölüb
Bakı, 13 sentyabr, AZƏRTAC
Nigeriyanın şimal-şərqindəki Maiduquri şəhərində baş verən güclü daşqınlar nəticəsində azı 37 nəfər ölüb, 400 minə yaxın insan didərgin düşüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) baş direktoru Zubayda Umar paytaxt Abucada keçirilən milli fövqəladə halların koordinasiya iclasında güclü daşqınlardan sonra axtarış-xilasetmə qrupu tərəfindən 37 cəsədin aşkar olunduğunu bildirib. Onun sözlərinə görə, daşqınlar Borno əyalətinin paytaxtı Maiduquri şəhərinə daha çox ziyan vurub, məktəblər, xəstəxanalar, dövlət idarələri, zoopark, ibadət mərkəzləri, banklar, bazarlar və ticarət sahələri su altında qalıb.
Səlahiyyətlilər daşqınları son onilliklərin ən dəhşətli hadisəsi kimi qiymətləndiriblər.
Borno əyalətinin Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş direktoru Barkindo Saidu isə bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir. O əlavə edib ki, hökumət köçkünlər üçün doqquz düşərgə salıb və təbii fəlakətdən zərərçəkənlərə yemək, ədyal, paltar, döşək və pul verilir. Baş direktorun sözlərinə görə, daşqınlardan iki gün keçməsinə baxmayaraq, hələ də şəhərin yarısı su altında qalır.