NİZAMİ RAYONUNDA ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Heydər Əliyev adına Bakı neft emalı zavodunun mədəniyyət mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndərin büstünü ziyarət edib önünə əklillər və gül dəstələri qoymuşlar.
Sonra yığıncaq işini davam etdirmişdir. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev geniş məruzə ilə çıxış etmişdir. O, yeni Azərbaycan dövlətçiliyinin banisi, ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməlinin yaradıldığını, ötən müddətdə ölkə iqtisadiyyatında mühüm nailiyyətlər qazanıldığını diqqətə çatdırmışdır. Ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişafın Nizami rayonunun sənaye müəssisələrinin də fəaliyyətinin canlandırılmasına imkan yaratdığını deyən natiq, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 11 fevral 2004-cü il tarixli fərmanlarının icrası ilə bağlı 2005-ci ildə görülmüş işlər haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ötən il Nizami rayonunda 116 sənaye, 86 tikinti, 42 nəqliyyat və rabitə, 836 ticarət və xidmət müəssisəsi fəaliyyət göstərmişdir. Keçən il rayonda baş verən sosial-iqtisadi dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər 2004-cü illə müqayisədə xeyli artmış, sənayedə 2 trilyon 957 milyard 200 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən il 2004-cü illə müqayisədə dövlət müəssisələri tərəfindən istehsal olunmuş məhsulun həcmi 6,6 faiz, qeyri-dövlət müəssisələri üzrə isə 50,6 faiz artmışdır. Hesabat ilində qida məhsullarının istehsalında 11 faiz, tütün məmulatlarının istehsalında 7,5 faiz, rezin və plastik kütlə məhsullarının istehsalında 53,6 faiz, maşın və avadanlıq buraxılışında 26,5 faiz, koks və neft məhsullarının istehsalında 20,4 faiz artım olmuşdur. Özəl sektorun inkişafının Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi olduğunu diqqətə çatdıran məruzəçi, 2005-ci ildə rayonun tikinti-quraşdırma təşkilatlarının yerinə yetirdikləri podrat işlərinin həcminin də əvvəlki illə müqayisədə 18,3 faiz artaraq 147,8 milyard manata çatdığını, görülmüş ümumi işlərin 72,5 faizinin qeyri-dövlət sektorunun payına düşdüyünü vurğulamışdır.
Ötən il Nizami rayonunda əsas kapitala 264,4 milyard manatlıq sərmayə yönəldilmişdir ki, bunun da 33 faizi dövlət mülkiyyətində olan müəssisələrin, 67 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələrin payına düşür. Əsas kapitala yönəldilmiş vəsaitin 239,4 milyard manatı, yəni 90,5 faizi istehsal təyinatlı obyektlərə sərf edilmişdir.
2005-ci ildə rayonun poçt və rabitə, nəqliyyat müəssisələri tərəfindən göstərilmiş xidmətlərin həcmi müvafiq olaraq 27,7 milyard manata və 33,3 milyard manata çatdırılmışdır. Xidmət sahələrinin yeniləşməsi və inkişafı, əhaliyə göstərilən xidmət növlərinin sayının və keyfiyyətinin xeyli artması nəticəsində əhaliyə göstərilən pullu xidmətlərin həcmi əvvəlki illə müqayisədə 199 faiz artaraq 191 milyard 600 milyon manat təşkil etmişdir.
Ötən il rayonda 3236 kvadratmetr yaşayış fondu istifadəyə verilmişdir. Hesabat dövründə işçilərin orta aylıq əməkhaqqı sənayedə 624,8 min manat, nəqliyyatda 767,3 min manat, tikintidə 897,1 min manat, ticarət və ictimai iaşə sahələrində isə 281,8 min manat olmuşdur. Son iki ildə rayonda 5 minə yaxın yeni iş yeri açılmışdır.
Daha sonra icra hakimiyyətinin başçısı rayon ərazisində ötən il ərzində həyata keçirilmiş abadlıq-quruculuq işlərindən geniş bəhs etmiş, bu işdə fəallıq göstərən müəssisə və təşkilatların əməyini yüksək qiymətləndirməklə yanaşı, həlli vacib məsələdən yayınmağa çalışan rəhbər işçiləri kəskin tənqid etmişdir.
Məruzəçi qarşıda duran vəzifələr və onların həlli ilə bağlı görüləcək işlərdən də geniş bəhs etmişdir. Məruzə ətrafında çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Hesabat yığıncağında Prezidentin İcra Aparatının məsul işçisi Mirzə Novruzov, Milli Məclisin deputatları Rövnəq Abdullayev və Məlahət Həsənova iştirak etmişlər.