NOBEL MÜKAFATINA NAMİZƏDİ EDAM EDƏCƏKLƏR
“Tuki” Uilyams iki quldur basqınına və 4 adamın ölümünə görə 1981-ci ildə mühakimə edilmişdi. O vaxtlar Tukinin adı cinayət aləmində yaxşı məlum idi. İndiyədək mövcud olan “Greeps” küçə quldur dəstələri birliyini məhz o, 1971-ci ildə yaratmışdı. Uilyams məhkəmədə özünü təqsirli bilməmişdi. Bu da hökmün yüngülləşdirilməsinə dair bütün səyləri, əslində, heçə endirir. Həbsxanaya düşən Tuki qanqster keçmişinə görə tövbə etmiş, küçə ideallarından üz çevirərək, uşaqlar üçün bir neçə kitab yazmışdır. Bu kitablarda o, quldur dəstələrinin və zorakılığın necə şər qüvvə olduğunu izah etmişdir. “Tuki”nin dostları gənclər arasında cinayətkarlığın qarşısını almaq üçün göstərdiyi səylərə görə onu Nobel sülh mükafatına namizəd irəli sürmüşdülər.
“Tuki” Uilyamsın gənc nəslə təsiri güclüdür. Məsələn, o, Los-Ancelesdə növbəti qanqster müharibəsinin tüğyan etdiyi bir vaxtda “Sülh protokolu” yazmış və bu sənəd düşmən “Greeps” və “Bloods” qruplarına təqdim edilmişdi. Nəticədə 2004-cü ildə küçə zorakılığının səviyyəsi xeyli aşağı düşmüşdü.
Ötən il “Tuki” Uilyamsın həyatı barədə “Bağışlanma” filmi çəkilmişdir.