“Novosti Qruzii” agentliyi Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı faciəsi ilə bağlı əlaqədar bəyanatını yaymışdır
Tbilisi, 27 fevral (AZƏRTAC). “Novosti Qruzii” agentliyi Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı faciəsi ilə bağlı bəyanatını yaymışdır.
Bəyanatda deyilir ki, bu gün Azərbaycan xalqı özünün ən yeni tarixinin faciəli səhifəsini qeyd edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ müdafiə nazirliyinin 366-cı motoatıcı alayının böyük dəstəyi ilə Xocalı şəhərini işğal etmiş, şəhərin dinc əhalisinə divan tutmuş, 63-ü uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 1500 nəfər əsir götürülmüş, 8 ailə tam məhv olunmuş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmiş, 487 nəfər ağır xəsarət almışdır. Xəsarət alanların 76-sı uşaqdır.
Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən böyük şəhərinin işğalı ilə ermənilərin azərbaycanlılara qarşı təcavüzü daha da güclənmiş, bundan sonra hərbi əməliyyat planlaşdırılmış və qəddarcasına, bütün normaları pozmaqla həyata keçirilmişdir. Bu əməliyyat dinc sakinləri qətlə yetirmək, azərbaycanlıları təşvişə salmaq, onları Dağlıq Qarabağdan çıxarmaq məqsədilə edilmişdir.
Bu cinayətin icraçıları və təşkilatçıları Ermənistanın hazırkı hakimiyyəti - prezident Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan, beynəlxalq aləmə terrorçu kimi məlum olan, Ermənistanın milli qəhrəmanı Monte Melkonyan və başqalarıdır.
Bu dəhşətli hadisə Azərbaycan üçün Xatındır və bəşəriyyətə qarşı törədilmiş digər cinayətlər kimi soyqırımıdır. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və bu ağır gündə bizim dərdimizə şərik olanlara təşəkkür edirik.
Günahsız qurbanlara Allah rəhmət eləsin!
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi