“O OLMASIN, BU OLSUN” TAMAŞASINA BAXIŞ KEÇİRİLMİŞDİR
Mədəniyyət və Turizm Nazirliyinin, teatr rəhbərliyinin, tanınmış mədəniyyət xadimlərinin, yaradıcı heyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi mərasimin əvvəlində teatrın mətbuat xidmətinin rəhbəri Şüküfə Ağamirzəyeva tamaşa haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, professional musiqi və milli opera sənətimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun qələmə aldığı ölməz operalar bir əsrə yaxındır teatrın repertuarını bəzəyir. Bu əsərlər hər zaman geniş tamaşaçı auditoriyası toplayır, maraqla qarşılanır və çox sevilir. 2005-ci ildə Ü.Hacıbəyovun 120 illik yubileyi münasibətilə “Leyli və Məcnun” operası yeni quruluşda səhnəyə qoyulmuşdur. Teatrın növbəti layihəsi isə bu gün təqdim edilən, xalq arasında çox sevilən və hər zaman populyar olan “O olmasın, bu olsun” tamaşasının yüksək akademik səviyyədə səhnəyə qoyulmasıdır. Bu əsərin ilk tamaşası 1911-ci il mayın 8-də opera və balet teatrının səhnəsində göstərilmişdir. Ötən dövrdə müxtəlif teatrlar bu tamaşaya müraciət etmişlər. 1926-cı ildə teatr bu tamaşanın quruluşunu həyata keçirmiş və xeyli müddət repertuarda özünə yer tutmuşdur. 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında “O olmasın, bu olsun” tamaşası əsasında eyniadlı bədii film çəkilmişdir. Bu filmdə Azərbaycan səhnəsinin görkəmli aktyorları gözəl obrazlar yaratmışlar. Lakin filmdə aktyor ifası nə qədər peşəkar olsa da, iştirakçıların vokal partiyalarını özləri deyil, vokalçılar səsləndirmişdir.
Yeni tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada əsas rolları xalq artisti Azər Zeynalov (Məşədi İbad), əməkdar artistlər Natəvan İsmayılova (Gülnaz), Həsən Enami (Sərvər), Əkrəm Poladov (Rüstəm bəy), xalq artisti Şahlar Quliyev (Qoçu Əsgər) və başqaları ifa etmişlər.