O yerlər min xəyal eylər!..
Bakı, 11 mart, AZƏRTAC
Hər yerin, hər obanın, şəhər və kəndin özünəməxsus adət-ənənələri, müəyyən mərasimləri olur. Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşa şəhərinin də bir-birindən fərqli, rəngarəng adət-ənənələri olub.
Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşadakı adət-ənənələr haqqında AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Şuşada musiqi ilə müşayiət olunan cıdır yarışına çıxmaq adət halını almışdı. Bu yarışlar hər həftənin cümə günü axşama üç saat qalmış “Cıdır düzü”ndə, növbəti dəfə isə həmin vaxtda Xanlıq qoruğunda təşkil edilirdi. Yaxşı at çapanlar həmin gün cıdır meydanına toplaşırdılar. Yarışlara vaxtilə at çapmaqda ad-san qazanmış üç nəfərdən ibarət münsiflər heyəti nəzarət edirdi. Zurnaçılar dəstəsinin “Koroğlu”nu ifa etməsi ilə yarış start götürür və atlar nişanlanmış yerdən çapmağa başlayırdılar. Atlıların bir-birinə mane olmaması üçün arada otuz addım məsafə qoyulurdu. Ümumiyyətlə, bu yarışlarda hər bir iştirakçı özünün və atının qabiliyyətini nümayiş etdirirdi. Cıdır yarışları zamanı atı uzaq məsafədən çapır, sürətlə qaçan atın üstündəki adam əyilib yerdən əşyanı götürür, hədəfə ya oxla vurur, ya da tüfəngdən atəş açırdı. Bu yarışlar bir növ igidlik, qəhrəmanlıq müsabiqəsinə çevrilir, gələcək döyüşlər üçün təlim-məşq hesab olunurdu. Müəyyən olunmuş yerə tez çatan at və sahibi fəxri yerlərdən birini tutur və mükafatlandırılırdı.
Cıdır yarışları adətən hər il mayın 1-dən 30-dək və avqustun 15-dən sentyabrın 1-dək olurdu. İyulun 1-dən avqustun15-dək isə atların dincəlməsi üçün onları Kirs dağına çıxarardılar.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşada keçirilən “sirən gecələri” də sakinlər arasında böyük maraq doğururdu. Əsasən, tacir balaları növbə ilə hər gecə birinin evinə toplaşır, vaxtlarını keçirirdilər. Yalnız kişilərin iştirakı ilə keçirilən həmin məclislər olduqca əyləncəli olardı. Bəzən də şəhərin dadlı-duzlu, baməzə adamları bu məclislərə dəvət olunardı. Onlar qabaqlarına çərəz qoyub peşmək çəkər, başlarına gələnləri danışar, lətifələr söyləyər və gecəni şənləndirərdilər.
Keçmiş Şuşa toylarında sırf muğam gecəsindən ibarət olan “ Ye, gəl axşamı”nda toya gələnlər vaxt itirməmək üçün yeməklərini evdə yeyib sonra məclisə gəlir və həmin gecə yalnız muğam dəstgahına qulaq asırdılar. Qonaqlara ancaq meyvə və şərbət paylayırdılar”.
Tədqiqatçının dediyinə görə, Şuşada əsasən yay mövsümündə olan sıra qonaqlıqları və “gəzəyən musiqiçilər” də özünəməxsusluğu ilə seçilirdi: “İlin digər fəsillərində bir-birini görməyən dost və qohumlar yay mövsümü zamanı Qarabağın hər yerindən Şuşaya istirahətə gəlir və bununla da sıra qonaqlıqları başlanırdı. Qonaq dəvət edən səfalı bir yerdə məclis qurur və qırx nəfər adam özlərini sındırmamaq üçün bunu növbə ilə təşkil edirdilər. Beləliklə, qırx nəfərlik qonaqlıq artıq qanun şəklini alırdı. Sıra qonaqlıqları olduqca dəbdəbəli şəkildə verilirdi. Qonaqlıq verən məclisinə xanəndə və çalğıçılar dəvət edir, müxtəlif çeşidli xörəklər bişirmək üçün özü ilə aşpaz, qəlyan, çay paylayan, qulluqçu, rahat oturmaq üçün qiymətli xalı-xalça, istirahət etmək üçün yorğan-döşək, mütəkkə və yastıq gətirirdi. Onlar yeyib-içir, çalıb-oxuyur, bəzən də qumar oynayırdılar. Sıra qonaqlıqları bütün yay mövsümü davam edirdi.
XVIII və XIX əsrlərdə Şuşada saray musiqiçilərindən, yəni varlı adamlara xidmət edənlərdən başqa, “gəzəyən musiqiçilər” də vardı. Onların əksəriyyəti küçələrdə, bazarlarda, iri ticarət meydanlarında çalıb-oxuyurdular. Şəhər əhalisinin bir qismi axşamlar bağlara, meydançalara, seyrangahlara, müxtəlif ticarət yerlərinə toplaşaraq “gəzəyən musiqiçiləri” dinləyir, rəqs edib şənlənirdilər. Belə gəzintilər və çalıb-oxumaq gecə yarısınadək davam edirdi. “Gəzəyən musiqiçilər” dinləyicilərin zövqünə uyğun çıxış edirdilər. Onların əsas gəlir mənbəyi də yalnız pərəstişkarlarının verdiyi şabaşdan ibarət olurdu”.