“OCAQ” CƏMİYYƏTİNİN 15 YAŞI TAMAM OLDU
Moskva hökumətinin, paytaxtın Regionlararası əlaqələr və milli siyasət komitəsinin, Ümumrusiya Azərbaycan Konqresinin və Mərkəzi Ədiblər evinin dəstəyi ilə təşkil olunmiş gecədə Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişlər.
1989-cu ildə yaranmış “Ocaq” cəmiyyəti Rusiya paytaxtında rəsmən qeydiyyata alınmış ilk Azərbaycan ictimai təşkilatıdır. Təşkilat yarandığı vaxtdan xalqımızın böyük mədəni irsinin təbliği ilə fəal məşğul olmuş, Moskvada yaşayan azərbaycanlıların mədəni həyatının təşkilinə hər cür dəstək vermiş, rusiyalıları Azərbaycanın həyatının müxtəlif sahələrində qazanılmış nailiyyətlərlə tanış etmişdir. “Ocaq” sovet dövründə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyini geniş qeyd etmişdir ki, bu da Moskvada və Azərbaycanda böyük əks–səda doğurmuşdur. Cəmiyyət 1990-cı ilin 20 yanvar faciəsi ilə bağlı qəti etirazını bildirmiş Moskvalı azərbaycanlıların hərəkatında aparıcı rol oynamışdır. “Ocaq” fəaliyyəti dövründə 270 mədəni tədbir – elmi-praktik konfrans, “dəyirmi masa”, seminar, gecə, mühazirə təşkil etmişdir. Bu tədbirlərdə Azərbaycanın zəngin tarixi və mədəniyyəti, ölkəmizin incəsənəti və ədəbiyyatı ilə bağlı məsələlər müzakirə olunmuşdur. Cəmiyyətin fəaliyyəti sayəsində rusiyalılar respublikamız, Azərbaycan xalqının ədəbi və mədəni irsi barədə çoxlu məlumat əldə etmişlər. “Ocaq” Moskva hökuməti, digər dövlət qurumları, milli mədəni cəmiyyətlər ilə də qarşılıqlı fəaliyyət göstərir, Moskva hökuməti yanında Millətlərarası məsləhət şurasının işində fəal iştirak edir.
“Ocaq” cəmiyyətinin prezidenti, filologiya elmləri doktoru, professor Tofiq Məlikli gecəni açaraq bildirmişdir ki, 15 ildə cəmiyyətin məqsəd və vəzifələri dəyişməmişdir. O demişdir: “Cəmiyyətin fəaliyyətinin başlıca istiqamətləri moskvalı azərbaycanlıların mədəni ehtiyaclarını ödəmək, onların hüquq və mənafelərini müdafiə etmək, habelə Azərbaycan ilə Rusiya arasında dostluq tellərini və işgüzar əlaqələri möhkəmləndirməkdir”.
ÜAK-ın prezidenti Məmməd Əliyev, Moskva şəhəri Regionlararası əlaqələr və milli siyasət komitəsi sədrinin müavini V.Zamurayev, Moskva Təhsil departamenti rəhbərinin köməkçisi M.Baturin, Nekrasov adına kitabxananın direktoru S.Prosekova, 157 nömrəli Azərbaycan etnik–mədəni təmayüllü məktəbin direktoru A.Quliyeva gecədə çıxış edərək, ötən illər ərzində həm digər həmyerlilər birlikləri, həm də Rusiya paytaxtının hakimiyyət orqanları arasında böyük nüfuz qazanmış güclü ictimai təşkilata çevrilən cəmiyyətə səmərəli işində uğurlar arzulamışlar.
Gecədə cəmiyyətin ünvanına gəlmiş təbriklər oxunmuş, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev yubiley gecəsində iştirak etmişdir.