Olimpiadaçı Şəmşəddin Şiriyev beynəlxalq yarışlarda medal qazanmağı hədəfləyir VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi olimpiada hazırlığına başladığı gündən etibarən mühüm uğurlara imza atıb. O, 7-ci sinifdə respublika fənn müsabiqəsində (RFM) medal qazanıb, 8-ci sinifdə isə müsabiqənin final mərhələsinə yüksəlib.
Şəmşəddin Şiriyev AZƏRTAC-a açıqlamasında olimpiadaya marağının formalaşmasında müəlliminin xüsusi rol oynadığını söyləyib. O deyib: “7-ci sinifdə liseyə qəbul olanda Məftun müəllimin dərs dediyi sinfə düşdüm. Onunla birlikdə həm dərslərdə, həm də əlavə hazırlıqlarda olimpiadalara hazırlaşmağa başladım. İlk dəfə iştirak etdiyim respublika fənn müsabiqəsində medal qazandım. 8-ci sinifdə də final mərhələsinə çıxdım, lakin bir balla medalı qaçırdım. İndi 9-cu sinifdə şansımın daha çox olduğunu düşünürəm. İnanıram ki, medal qazana bilərəm və bunun üçün daha çox çalışacağam”.
Olimpiadaçı qeyd edib ki, RFM-də medal qazanması onun gələcək hədəflərinə çatmaq üçün motivasiyasını daha da artırıb: “Gələcəyimi hazırda əsasən olimpiadalarda uğur qazanmağa hədəfləmişəm. Həm respublika fənn olimpiadasında, həm də beynəlxalq olimpiadalarda medal almaq istəyirəm”.
Riyaziyyat və fizika ilə məşğul olmağa onu ən çox həvəsləndirən amilin çətin məsələlərin həlli olduğunu deyən Şəmşəddin üçün düzgün cavaba çatmaq qədər, məsələnin məntiqini anlamaq da önəmlidir: “Çətin məsələ qarşısında onun şərtini anlamaq və həll yolunu düşünmək insanı həvəsləndirir. Əsas da çətin bir sualın həllini tapanda insan daha çox öyrənmək üçün motivasiya qazanır. Bu da onu daha çox çalışmağa sövq edir”.